Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) həftəsonu məktəbinin və rəsm dərnəyinin şagirdlərinin iştirakı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, tədbirdə GAİM-in həftəsonu və rəsm məktəbinin müəllimləri Xəyalə Mustafayeva ilə Anna Allahverdiyeva Azərbaycan dilinin qorunmasından, inkişafından və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.
Şagirdlər ana dilimizə həsr olunmuş şeirlər səsləndirib, çıxışları ilə Azərbaycan dilinə olan sevgilərini ifadə ediblər.
Rəsm dərnəyinin şagirdləri isə bu əlamətdar günə həsr olunan yaradıcılıq işlərini təqdim edərək, tədbirə xüsusi rəng qatıblar.
Çıxışlarda vurğulanıb ki, ana dilimizi yaşatmaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Tədbirlər uşaqlarda ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan əlifbasına hörmət hissinin formalaşmasına, onların milli kimlik ruhunda böyüməsinə töhfə verib.

