“Babbel” dil öyrənmə platforması tərəfindən keçirilən beynəlxalq qiymətləndirmədə Yeni Zelandiyanın yerli Maori dilinə məxsus “kaitiakitanga” sözü dünyanın ən gözəl sözü seçilib.
“Tehsil365” Qafqazinfo-ya istinadən xəbər verir ki, “Babbel” bu qiymətləndirmə üçün “Reddit” və “TikTok” kimi platformalarda dillərlə bağlı minlərlə müzakirəni təhlil edərək, 75 dildən 223 sözdən ibarət qısa siyahı hazırlayıb.
Daha sonra dilçilər, yazıçılar və mədəniyyət mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti sözləri səs ahəngi, məna dərinliyi, nadirliyi və mədəni əhəmiyyətinə görə dəyərləndirib.
Maori dilindəki “kaitiakitanga” sözü təbiəti və ətraf mühiti indiki və gələcək nəsillər üçün qorumaq məsuliyyətini ifadə edir. Bu anlayış yalnız ekologiyanı deyil, həm də Maori mədəniyyətindəki himayədarlıq və qəyyumluq fəlsəfəsini özündə birləşdirir.
“Babbel” bildirib ki, söz həm özünəməxsus tələffüzü, həm də bir çox dildə birbaşa qarşılığı olmayan dərin mənası ilə seçilib.

