Bölgədə vergi və gömrük güzəştləri tətbiq edilir, sahibkarlar üçün xüsusi maliyyə mexanizmləri formalaşdırılır, investorlara isə geniş dəstək göstərilir. Nəticədə bölgədə iqtisadi inkişafın əsas istiqamətləri kimi kənd təsərrüfatı, logistika, xidmət sektoru, turizm və mədən sənayesi inkişaf etdirilir.
“Tehsil365” xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.
O bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda iki iqtisadi zona fəaliyyət göstərir. Onlardan biri Ağdamda, digəri isə Cəbrayılda yerləşən "Araz Vadisi İqtisadi Zonası"dır. Bu zonada artıq 19-dan çox rezident şirkət tərəfindən layihələr həyata keçirilir, bir sıra istehsal sahələri fəaliyyətə başlayıb və yerli sakinlər həmin müəssisələrdə çalışırlar.

