Türkiyənin Samsun şəhərində yaşayan 13 yaşlı Aras Talha Çağlayan maraqlı layihəsi ilə diqqət çəkib. O, 2023-cü ildə yaratdığı dili əsas götürərək "Sufi" adlandırdığı xəyali ölkə formalaşdırıb.
“Tehsil365” Türkiyə mediasına əsasən xəbər verir ki, azyaşlı məktəbli ölkəsi üçün özünəməxsus əlifba, bayraq, pul vahidi və 18 maddədən ibarət konstitusiya hazırlayıb.
Aras bildirib ki, xəyali ölkəsinin təxminən 1000 nəfərlik əhalisi var. Onun sözlərinə görə, ölkədə prezident üsul-idarəsi, Nazirlər Kabineti, xəstəxanalar, bərbərlər və müxtəlif sahibkarlar fəaliyyət göstərir.
Aras deyib ki, yeni dili əvvəlcə sinif yoldaşlarının qeydlərini oxumaması üçün şifrələmə məqsədilə yaradıb. Daha sonra bu şifrəni inkişaf etdirərək ayrıca dilə və əlifbaya çevirib.
Məktəbli gələcəkdə "Sufi" ölkəsini və yaratdığı dili bütün dünyaya tanıtmağı qarşısına məqsəd qoyduğunu bildirib.
Arasın atası Mehmet Çağlayan isə oğlunun layihəsini ilk eşidəndə təəccübləndiklərini, lakin zaman keçdikcə onun bu ideyanı sistemli şəkildə inkişaf etdirdiyini və nəticədə öz xəritəsini, dilini və idarəetmə modelini hazırladığını söyləyib.

