Sentyabrın 8-9-da ası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II respublika konfransı təşkil olunacaq.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatların nəticələrinin təqdim olunması, müzakirəsi və bu istiqamətdə elmi əməkdaşlığın inkişaf etdirilməsidir.
Konfrans çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli elmi fəaliyyət göstərmiş, astronomiya elminin inkişafına mühüm töhfələr vermiş görkəmli alimlərin yubileylərinin qeyd olunması, onların elmi irsinin gənc tədqiqatçılara tanıdılması nəzərdə tutulur. Həmçinin gənc doktorant və dissertantların astronomiya və astrofizikanın aktual problemlərinə həsr olunmuş elmi məruzələri dinləniləcək, müxtəlif elmi sessiyalar çərçivəsində müzakirələr aparılacaq. Tədbirin elmi proqramına astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar, ulduz astrofizikası, dəyişən ulduzlar, günəş və Günəş-Yer əlaqələri fizikası, günəş sistemi cisimləri, nəhəng planetlər, qalaktikadankənar obyektlər ilə bağlı mövzular daxildir. Konfrans çərçivəsində plenar, şifahi və poster məruzələrin təqdimatı nəzərdə tutulur. Məruzələrdə müasir astrofizika problemləri, kosmik obyektlərin tədqiqi, Günəş aktivliyi, ulduz atmosferləri və digər aktual elmi istiqamətlər üzrə nəticələr təqdim ediləcək.
Tədbirin işçi dilləri Azərbaycan, ingilis və rus dilləridir. Konfrans N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunacaq. Konfrans iştirakçıları üçün Bakı-Şamaxı-Bakı istiqamətində avtobus reysinin təşkili nəzərdə tutulur. Tədbirin proqramı, tezislər toplusu və iştirakçıların siyahısı rəsmi məlumat resurslarında təqdim olunacaq.

