Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Torpaq ekologiyası laboratoriyasının müdiri dosent Zaman Məmmədovun rəhbərliyi ilə “Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə tədqiqat aparılıb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, ki, beş il müddətini əhatə edən tədqiqat layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində davamlı üzvi çirkləndiricilərlə çirklənmiş torpaqların ekoloji vəziyyətinin kompleks qiymətləndirilməsi nəzərdə tutulur. Hazırkı tədqiqat Ucar rayonunun Müsüslü kəndi ərazisində yerləşən təxminən 8 hektarlıq yüksək dərəcədə çirklənmiş mənbə sahəsini və onun ətrafında yerləşən ümumilikdə 200 hektarlıq tədqiqat ərazisini əhatə edib. Çöl tədqiqatlarının proqramı beynəlxalq metodiki tələblər, Stokholm Konvensiyasının prinsipləri, FAO-nun torpaq nümunələrinin götürülməsi üzrə metodik göstərişləri və digər müvafiq elmi metodikalar əsasında hazırlanmış eskiz layihəsinə uyğun həyata keçirilib.
Əvvəlcədən “Google Earth” proqramında hazırlanmış koordinatlar əsasında tədqiqat nöqtələrinə çıxış təmin edilib. Tədqiqat zamanı 24 nöqtədən 0–20 santimetr və 20–40 santimetr dərinliklər üzrə ümumilikdə 48 torpaq nümunəsi götürülüb. Bununla yanaşı, ərazinin xarakterik sahələrini əhatə edən 15 nöqtədən bitki nümunələri toplanıb, çirklənmənin torpaq mikrobiotasına təsirinin və torpağın mikrobioloji fəallığının öyrənilməsi məqsədilə isə əlavə 15-ə yaxın torpaq nümunəsi seçilərək götürülüb. Həyata keçiriləcək analizlərin nəticələri əsasında davamlı üzvi çirkləndiricilərin torpaqda yayılma səviyyəsi və məkan üzrə paylanması müəyyən ediləcək, çirklənmə riskləri, eləcə də onların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri qiymətləndiriləcək. Eyni zamanda, çirklənmiş ərazilərin sərhədləri dəqiqləşdiriləcək.
Tədqiqatın nəticələrinin Azərbaycanda davamlı üzvi çirkləndiricilərlə çirklənmiş ərazilərin monitorinqi, ekoloji risklərin qiymətləndirilməsi, bərpa tədbirlərinin planlaşdırılması və bu sahədə elmi əsaslandırılmış qərarların qəbul edilməsinə töhfə verəcəyi gözlənilir.

