Bir çox insan düşünür ki, “mən çox məsuliyyətliyəm, ona görə bu qədər çalışıram”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Aysu Həsənzadə deyib.
Psixoloq bildirib ki, bəzən əsl səbəb məsuliyyət yox, uğursuzluq qorxusu olur. Sağlam motivasiya o deməkdir ki, siz məqsədinizə çatmaq istədiyiniz üçün hərəkət edirsiniz. Prosesdən öyrənməyə açıq olursunuz, səhv etməyi inkişafın bir hissəsi kimi qəbul edirsiniz.
“Uğur sizi sevindirir, amma uğursuzluq bütün dəyərinizi əlinizdən almır. Çünki bilirsiniz ki, bir nəticə sizin kim olduğunuzu müəyyən etmir.Uğursuzluq qorxusunda isə vəziyyət fərqlidir. Burada məqsəd uğur qazanmaqdan çox, uğursuz görünməməkdir. İnsan səhv etməkdən o qədər çəkinir ki, bəzən heç başlamır, bəzən də hər şeyi mükəmməl etməyə çalışaraq özünü həddindən artıq yorur”.
Onun sözlərinə görə, maraqlısı budur ki, bəzi insanlar tənbəl göründüyünü düşünür. Halbuki problem tənbəllik deyil. Beyin ya mükəmməl et, ya da heç etmə mesajı verdiyi üçün insan işi təxirə salmağa başlayır.Ən çox diqqətdən qaçan nüans isə budur ki, uğursuzluq qorxusu həmişə “mən alınmayacağından qorxuram” kimi hiss olunmur. Bəzən bu qorxu özünü həddindən artıq işləmək, daim özünü başqaları ilə müqayisə etmək, kiçik bir səhvi günlərlə düşünmək və ya uğur qazansa belə “bu dəfə təsadüf idi” demək kimi göstərir.
“Sağlam motivasiyada insan özünə belə deyir.Əlimdən gələni edəcəyəm. Alınmasa, səbəbini öyrənib yenidən sınayacam.Uğursuzluq qorxusunda isə daxili səs belə olur.Alınmasa, deməli kifayət qədər yaxşı deyiləm.Aradakı ən böyük fərq də məhz budur. Biri inkişaf etməyə xidmət edir, digəri isə öz dəyərimizi nəticələrə bağlayır. Halbuki insanın dəyəri uğurları və ya uğursuzluqları ilə ölçülmür. Nəticələr dəyişə bilər, amma öyrənmək və davam etmək bacarığı uzunmüddətli uğurun əsasını təşkil edir”-deyə Aysu Həsənzadə qeyd edib.

