Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Fırat Universiteti (FU) arasında magistratura səviyyəsində Dil və ədəbiyyatın tədrisi metodikası (İngilis dili və ədəbiyyatı), Xarici ölkə ədəbiyyatı (İngilis ədəbiyyatı) ixtisasları üzrə ikili diplom proqramının yaradılması istiqamətində ilkin onlayn görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə tərəflər mövcud magistr proqramları, tədris planları və fənlərin uyğunlaşdırılması məsələlərini müzakirə ediblər. Eyni zamanda, kredit yükü və təlim nəticələrinin uyğunlaşdırılması imkanları nəzərdən keçirilib.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı və koordinasiyası ilə həyata keçirilən görüşdə ADU-nu Elm və innovasiya məsələləri üzrə prorektoru prof. Həmidə Əliyeva və Magistratura şöbəsinin müdiri dos. Namiq Əsədov və müvafiq kafedra müdirləri, həmçinin Fırat Universiteti tərəfindən isə rektor köməkçisi prof. Mahmut Doğru, İnsan və Toplum Bilimləri Fakültəsinin dekanı prof. Taner Şengün və İngilis dili və ədəbiyyatı anabilim dalının müdiri dos. Işıl Şahin Gülter iştirak ediblər.
Görüşün yekununda tədris planları və fənn sillabuslarının qarşılıqlı şəkildə paylaşılması, akademik ekspertlərdən ibarət işçi qrupunun yaradılması və növbəti onlayn görüşün keçirilməsi barədə razılıq əldə olunub.

