Dünyada fərqli mədəniyyətlərə, dilə, xalqa mənsub yüzlərlə ölkə mövcuddur. Hər birinin rəngarəngliyi dünyanı daha da gözəlləşdirir. Hər il müxtəlif mədəniyyət tədbirləri təşkil olunur, keçmişdən bu günə qədər gəlib çıxmış adətlərin qorunması üçün müxtəlif festivallar keçirilir.
Cənubi Koreya da mədəniyyətinin zənginliyi ilə bütün dünya üzrə tanınan və sevilən ölkələrdən biridir. Cənubi Koreya mədəniyyəti ilə Azərbaycan mədəniyyətini birləşdirən bir çox ortaq cəhətlər mövcuddur. Hər iki ölkənin adət-ənənələrinin qorunub, saxlanması üçün tədbirlər təşkil olunur, layihələr həyata keçirilir. Azərbaycanda Koreya mədəniyyətini sevən, xüsusilə 한류(han-ryu)-Koreya dalğasına maraq göstərən gənclərin sayı getdikcə artmaqdadır. Koreya dalğası hazırda Koreyanın media və musiqi sahəsində nə dərəcə inkişaf etdiyini göstərir. Bura xüsusilə k-pop və k-dramalar daxildir.
Cənubi Koreyanın ənənəvi geyimi 한복(han-bok) adlanır. Möhtəşəm dizaynı ilə insanları özünə cəlb edir. Saçlarına isə 비녀(bi-nyeo), 떨잠(tteol-jam), 댕기(daeng-gi) kimi müxtəlif aksesuarlardan istifadə edirmişlər. Bu aksesuarların Azərbaycan qadınlarının istifadə etdiyi araxçın, kəlağayı, təsək qabağı kimi ənənəvi aksesuarlarla oxşar funksiya daşıdığını demək olar. Həm Koreyada, həm də Azərbaycanda saç bəzəkləri müxtəlif təbəqə və ailə vəziyyətinə görə fərqləndirilirdi. Məsələn, Koreyada gəlinlər toy zamanı 족두리(jok-du-ri) adlanan saç aksesuarından istifadə edirdilər. Azərbaycanda isə qırmızı duvaq istifadə edirdilər, hansı ki, bu adət hələ də istifadə olunmaqdadır. Bəylər isə toy zamanı 사모(sa-mo) adlanan qara papaqdan istifadə edirdilər. Bu Azərbaycandaki bəylərin istifadə etdiyi milli papağa bənzəyir. Keçmişdə ayaqqabı olaraq isə hanbokla 혜(hye) adlanan ayaqqabı geyinirdilər. Bunu çarıq və ya çəkmə ilə eyni göstərmək olar. Həmçinin Koreyada milli ayaqqabı ilə 버선(beo-seon) adlanan corab geyinirdilər.
Azərbaycan mətbəxi ilə Koreya mətbəxi çox fərqlənirlər. Lakin hər birinin öz ləzzəti və fərqliliyi dünya üzrə sevilir və seçilir. Cənubi Koreyanın milli şirniyyatlarına 송편(song-pyeon), 약과(yak-gwa)’nı misal göstərmək olar. Bu bizim şəkərbura və paxlavadan çox fərqlənir. Həmçinin keçmişdə Koreyada çox sevilən 호박엿(ho-bak-yeot)-balqabaq konfeti çox sevilirdi. Azərbaycanda buna ən yaxın noğulu misal göstərə bilərik, lakin fərqlənirlər.
Hətta belə bir inancları da var idi ki, hobakyeot yesən imtahanda uğur gətirəcək. Bu konfet yapışqan olduğundan, bir növ uğur sənə yapışsın kimi anlam daşıyırdı.
Koreyanın ən mühüm bayramlarından biri 추석(chu-seok)’dur. Bu bayram zamanı ailə üzvləri görüşür və xüsusi anım mərasimi keçirirlər. Onların inanclarına görə dünyadan köçmüş yaxınları bu bayramda onları ziyarətə gəlir. Bu Azərbaycandaki Novruz bayramı ilə fərqlənsə də, atmosferi demək olar ki, eynidir. Azərbaycanda da ailələr bir araya gəlir, xüsusi yeməklər və şirniyyatlar hazırlayırlar.
Hər iki ölkənin mədəniyyəti geniş və rəngarəngdir. Dərinlikləri daha gözəldir və insanı daha da dərindən öyrənməyə cəlb edir. Ölkələrin mədəniyyətini yaxından öyrənməklə insanların dünyanı həqiqətən necə gözəl bir yerə çevirdiyini hiss edə bilirik. Ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi çox önəmlidir. Bu bizə keçmiş nəsillərdən qalan ən dəyərli mirasdır və mədəniyyətimizin qorunması hər birimizin borcudur.
Azərbaycan Dövləq İqtisad Universiteti tələbəsi
Nuray Babayeva

