2026/2027-ci tədris ili üçün Xaricdə Təhsil üzrə Dövlət Proqramının qaliblərindən 190-ı qadın, 310-u kişidir. Builki iştirakçılar arasında beynəlxalq fənn olimpiadası və “Yüksəliş” müsabiqəsinin qalibləri də yer alır.
“Tehsil365" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüşdə deyib. O bildirib ki, Dövlət Proqramına seçilmək hər bir gənc üçün böyük nailiyyət olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Proqram iştirakçıları gələcəkdə ölkənin inkişafında mühüm rol oynayacaqlar. Hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyev gənclərin SSRİ-nin nüfuzlu universitetlərdə təhsil alması üçün mühüm tədbirlər həyata keçirib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm addımlar atılıb və Xaricdə Təhsil üzrə Dövlət Proqramı bu siyasətin bariz nümunəsidir.
“Proqramın əsas məqsədi gənclərin yalnız xaricdə təhsil almasını təmin etmək deyil, onların əldə etdikləri bilik və bacarıqları Azərbaycana gətirərək ölkənin inkişafına töhfə vermələridir. İştirakçılar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq qazandıqları bilik və təcrübəni ölkənin, o cümlədən işğaldan azad olunmuş ərazilərin inkişafına yönəltməlidirlər. Dövlət Proqramının tərəfdaş qurumları gənclərin gələcək karyera inkişafına dəstək göstərməyə hazırdır”, - İdarəetmə Qrupunun rəhbəri bildirib.
Qədir Xəlilov qeyd edib ki, Dövlət Proqramının idarə olunmasında rəqəmsallaşma istiqamətində mühüm yeniliklər tətbiq olunur. Sənədlərin qəbulu, yoxlanılması və müsahibələrin təşkili elektronlaşdırılıb. Bu ilk dəfə olaraq qaliblərlə müqavilələr elektron qaydada imzalanacaq. Həmçinin müraciət və ödəniş proseslərinin elektron platforma üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

