2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində artıq 2 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
“Tehsil365” xəbər verir ki, bu fikirləri ADA Universitetində Dövlət Proqramının təqaüdçüsü adını qazanan gənclərlə keçirilən görüş zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir müavininin sözlərinə görə, bu nəticə dövlətin gənclərə olan etimadının və onların yüksək potensialının göstəricisidir:
“İnanırıq ki, dünyanın aparıcı universitetlərində təhsil alan gənclərimiz ölkəyə qayıtdıqdan sonra qazandıqları bilik və təcrübə ilə Azərbaycanın inkişafına, rifahına mühüm töhfələr verəcəklər
Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 500 nəfər seçilib. Onlardan 155-i dünyanın ilk 10-luğunda qərarlaşan universitetlərdə təhsil alacaq".
O vurğulayıb ki, digər təqaüdçülərin qəbul olduqları ali təhsil müəssisələri və proqramlar da beynəlxalq səviyyədə yüksək rəqabəti ilə seçilir:
“Bu gənclərin belə nüfuzlu universitetlərə qəbul olunması onu göstərir ki, Azərbaycanda həm ümumi, həm də ali təhsil səviyyəsində ciddi hazırlıq işi aparılır. Gənclərimiz xaricdə təhsillərini heç bir çətinlik çəkmədən davam etdirə biləcək səviyyədə yetişdiriliblər".
Nazir müavini qeyd edib ki, son illər beynəlxalq olimpiada qalibləri, lisey məzunları və “Yüksəliş” müsabiqəsinin qalibləri xarici universitetlərdə müsbət imic formalaşdırıblar:
“Artıq bu gənclər ən nüfuzlu universitet və proqramlara qəbul zamanı yüksək hazırlıqlı namizədlər kimi tanınırlar. Bu, hamımız üçün qürurverici haldır.
Görüşün məqsədlərindən biri də gənclərin xaricə yola düşməzdən əvvəl müxtəlif dövlət qurumları ilə əlaqələrinin qurulmasına şərait yaratmaqdır".
Onun sözlərinə görə, Dövlət Proqramı iştirakçılarının xaricdə təhsil aldıqları müddətdə Azərbaycanın maraqlarını layiqincə təmsil edəcəklərinə, təhsillərini başa vurduqdan sonra isə qazandıqları təcrübə ilə ölkənin inkişafına xidmət edəcəklərinə inam böyükdür.

