Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının müəllimi Adilə Kərimova beynəlxalq sertifikat imtahanını uğurla keçərək kibertəhlükəsizlik sahəsində “CompTIA Security+ (SY0-701)” sertifikatına layiq görülüb.
“Tehsil365” xəbər verir ki, “CompTIA Security+” informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dünyada geniş tanınan peşəkar sertifikatlardan biridir. Sertifikat təhlükəsizlik konsepsiyaları, təhdidlər və boşluqlar, təhlükəsizlik arxitekturası, identifikasiya və girişə nəzarət, insidentlərə cavab və risklərin idarə edilməsi üzrə bilik və bacarıqların qiymətləndirilməsini əhatə edir.
Bu nailiyyət müəllimin peşəkar inkişafının göstəricisi olmaqla yanaşı, universitetdə kibertəhlükəsizlik üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq sertifikatlaşdırma mədəniyyətinin təşviqi və tələbələrin qlobal əmək bazarının tələblərinə uyğun hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.

