Prezidentin təsdiq etdiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində indiyədək 2000-dən çox azərbaycanlı gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Həsən Həsənli 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, bu nəticə dövlətin gənclərə olan etimadının və Azərbaycan gənclərinin yüksək potensialının göstəricisidir. Xaricdə təhsil alan gənclər əldə etdikləri bilik və təcrübə ilə ölkəyə qayıtdıqdan sonra Azərbaycanın inkişafına töhfə verəcəklər.
Həsən Həsənli qeyd edib ki, bu il Dövlət Proqramı çərçivəsində 500 nəfər xaricdə təhsil almaq üçün seçilib: “Onlardan 155-i dünyanın ilk 10 universitetində təhsil alacaq. Proqramın digər qalibləri də dünyanın ən rəqabətli ali təhsil proqramlarına qəbul olunublar. Bütün bunlar ölkədə həm ümumi, həm də ali təhsil səviyyəsində gənclərin yüksək hazırlığının təmin edildiyini göstərir. Xüsusilə olimpiada qaliblərinin, liseylərimizdən məzun olanların, eyni zamanda, “Yüksəliş” müsabiqəsi qaliblərinin artıq xarici ölkələrin universitetlərində bir imici yaranıb, onlarla bağlı müsbət təsəvvür formalaşıb. Onlar artıq heç bir çətinlik olmadan dünyanın ən rəqabətli və qabaqcıl proqramlarına, universitetlərinə qəbul ola bilirlər. Bu da əlbəttə ki, hamımızı sevindirir”.
Nazir müavini əlavə edib ki, proqram qalibləri ilə keçirilən bugünkü görüş onların müxtəlif dövlət qurumları ilə əlaqələrinin qurulmasına xidmət edir. Gənclər xaricdə təhsil aldıqları müddətdə Azərbaycanı layiqincə təmsil edəcək, təhsillərini başa vurduqdan sonra isə qazandıqları bilik və təcrübə ilə ölkənin inkişafına töhfə verəcəklər.

