Azərbaycan alimlərinin Şamaxı şəhərində yerləşən Şaxəndan qəbiristanlığının sufi irsinə həsr olunmuş tədqiqatı İspaniyanın “Anaquel de Estudios Arabes” jurnalında işıqlanıb. Madrid Universitetinin nəşri olan bu jurnal dünyanın nüfuzlu elmi nəşrlərindən biri hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Mehdi Əli və Rüstəm Hüseynovun, İspaniyanın tanınmış orta əsr tarixçisi, ərəbşünası, arxeoloqu və epiqrafı Virgilio Martinez Enamoradonun, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun həmmüəllifi olduqları məqalədə Şamaxının Şaxəndan qəbiristanlığındakı sufi dəfn abidələri ilk dəfə kompleks şəklində araşdırılıb.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, ingilis dilində dərc edilmiş bu tədqiqatda ilk dəfə olaraq Azərbaycanın Şamaxı şəhərində yerləşən Şaxəndan qəbiristanlığının İslam dəfn abidələrinin kompleks arxeoloji, ikonoqrafik və epiqrafik təhlili təqdim olunur.
Tədqiqatda əsas diqqət türbə və onun ətrafındakı sufi dəfnlərinə yönəldilib. Orta əsrlərin son dövründə Şaxəndan qəbiristanlığı sufi qardaşlıqları ilə sıx bağlı olub, hazırda isə Şamaxının ən nüfuzlu şəhər qəbiristanlığı hesab edilir. İngilis dilində dərc olunan məqalə Azərbaycanın mədəni irsinin və sufi ənənələrinin beynəlxalq elmi ictimaiyyətə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Tədqiqatın nəticələri Şaxəndan qəbiristanlığının Şirvanın sufi irsinin öyrənilməsi, İslam dəfn mədəniyyətinin regional xüsusiyyətlərinin araşdırılması və tarixi-mədəni irsin elmi əsaslarla qiymətləndirilməsi istiqamətində yeni elmi məlumatlar təqdim edir.
“Anaquel de Estudios Arabes” 1990-cı ildən ispan, ingilis və fransız dillərində nəşr olunur. Jurnal nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşir. Bu nəşrdə məqalənin dərc olunması Azərbaycan alimlərinin tədqiqatlarının beynəlxalq elmi mühitdə tanınmasının və ölkənin zəngin tarixi-mədəni irsinin dünya elmi ictimaiyyətinə təqdim edilməsinin mühüm göstəricilərindən biridir.

