Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira Məmmədova ilə balaca oxucuların görüşü təşkil olunub.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, maarifləndirici və interaktiv formatda keçirilən tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi aşılanması, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müasir Azərbaycan uşaq ədəbiyyatının təbliğidir.
Elvira Məmmədova çıxışında dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Yazıçı ana dilinin xalqın milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olduğunu vurğulayıb və uşaqları Azərbaycan dilini sevməyə, ondan düzgün istifadə etməyə və daha çox kitab oxumağa çağırıb.
Sonra yazıçının müəllifi olduğu “Düymə” kitabının təqdimatı olub.
Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, müasir Azərbaycan uşaq ədəbiyyatının tanıdılması və yazıçı-oxucu əlaqələrinin möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Uşaqların intellektual və mənəvi inkişafına töhfə verən maarifləndirici layihələr, müəlliflərlə görüş və kitab müzakirələri davam etdiriləcək.

