Bu gün görkəmli alim, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Mustafa Topçubaşovun anadan olmasının 131 ili tamam olur.
"Tehsil365"in məlumatına görə, 1895-ci ildə anadan olan Mustafa Topçubaşov dünya tibb elmində bir sıra yeniliklərə imza atıb.
O, 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilib.
M.Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb.
Görkəmli alim SSRİ-də ilk dəfə təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

