Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində tədris prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədris proqramlarının yenilənməsi, eləcə də tədrisi planlaşdırılan yeni ixtisaslar üzrə proqramların hazırlanması istiqamətində ardıcıl iş aparılır.
“Tehsil365" xəbər verir ki, MEMİM-də məktəblər üçün xor dirijorluğu ixtisası və solfecio fənni, habelə yeni ixtisas olaraq 3D personaj animasiyası üzrə hazırlanmış proqramlar müvafiq sahələrlə bağlı təcrübəli müəllim və mütəxəssislərin iştirakı ilə müzakirə edilib.
Müzakirələr zamanı mütəxəssislər tərəfindən tədris proqramlarının məzmununun müasir tələblərə uyğunlaşdırılması, beynəlxalq təcrübənin nəzərə alınması və praktik bacarıqların gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda tədris prosesində yaradıcı yanaşmaların tətbiqi və təhsilalanların ilkin peşəyönümlü hazırlığının təmin edilməsinin vacibliyi qeyd olunub.
Müzakirələrdə vurğulanıb ki, Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsili sahəsində son illərdə həyata keçirilən islahatlar təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə və müasir çağırışlara cavab verən ixtisaslı kadrların yetişdirilməsinə mühüm töhfə olacaq.

