Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsi və Karyera və məşğulluq mərkəzinin birgə təşəbbüsü ilə “AZROKSAN” şirkətinin nümayəndələri ilə fakültənin məzunlarının görüşü təşkil olunub.
“Tehsil365" xəbər verir ki, görüşün məqsədi məzunların ixtisaslarına uyğun iş imkanlarının artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsidir.
Görüş çərçivəsində məzunlarla onların ixtisas istiqamətlərinə uyğun fərdi işə qəbul müsahibələri keçirilib. Namizədlərin böyük əksəriyyəti seçim mərhələsini uğurla keçərək şirkət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. “AZROKSAN” şirkətinin nümayəndələri müsahibələr zamanı məzunların nəzəri biliklərini, praktik hazırlıq səviyyəsini və peşə bacarıqlarını yüksək qiymətləndiriblər. Şirkət təmsilçiləri AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanan mütəxəssislərin müdafiə sənayesinin tələblərinə cavab verdiyini və onların gələcək karyeraları üçün yüksək potensiala malik olduqlarını qeyd ediblər.

