Türkiyənin İzmir vilayətinin Şirincə qəsəbəsində yerləşən Aziz Nesin adına Riyaziyyat Kəndində (“Matematik Köy”) “Sözlərin ötəsində” mövzusunda poetik-musiqili gecə təşkil olunub.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, proqramda təxminən 30 ildir Türkiyədə yaşayan həmvətənimiz, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqi terapevti və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılmış musiqi terapiyası mütəxəssisi Züleyxa Abdullayeva, həmçinin şair, bədii və elmi kitabların müəllifi Sərgun Ağar iştirak ediblər.
“Səssizlik danışarkən” mövzusuna həsr olunan gecədə Sərgun Ağarın şeirləri Züleyxa Abdullayevanın royalda ifa etdiyi improvizasiyalarla təqdim olunub. Şeir və musiqinin vəhdəti üzərində qurulan proqramda musiqi terapiyasının ifadə və ünsiyyət imkanlarına da diqqət yetirilib.
Tədbir çərçivəsində Züleyxa Abdullayevanın bəstələdiyi “Qəbul et” adlı əsər də səsləndirilib.
Poetik-musiqili gecə iştirakçıların fikir mübadiləsi ilə başa çatıb.

