2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan tələbələrlə onlayn görüş keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə səfirliyin təhsil məsələləri üzrə müşaviri Müjdat Həsənov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, layihə rəhbəri Vüsalə Niftəliyeva və Dövlət Proqramı təqaüdçüləri iştirak ediblər.
Görüşdə tələbələrin Türkiyədə təhsil aldıqları müddətdə sosial fəaliyyətlərinin dəstəklənməsi, universitet mühitinə uğurlu inteqrasiyası və təmsilçilik fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Onlara ali təhsil müəssisələrinin təqdim etdiyi akademik imkanlardan səmərəli istifadə etmələri, elmi-tədqiqat fəaliyyətində və universitetdaxili layihələrdə fəal iştirak etmələri tövsiyə edilib.
Qədir Xəlilov Dövlət Proqramı qaliblərinin onlara göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib. Müjdat Həsənov isə proqram iştirakçılarının akademik və peşəkar nailiyyətlərinin geniş auditoriyaya çatdırılmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə səfirliyin dəstəyinin davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonda tələbələrin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2026/2027-ci tədris ili üzrə 19 nəfər Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

