Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli bildirib ki, universitetin inkişaf strategiyasında dövlət qurumları, peşəkar birliklər və biznes sektoru ilə əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən birini təşkil edir. Rektor diqqətə çatdırıb ki, müasir dövrdə ali təhsil müəssisələrinin missiyası yüksəkixtisaslı mütəxəssislər hazırlamaqla yanaşı, eyni zamanda, əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasını, tətbiqi elmi tədqiqatların inkişafını, innovativ yanaşmaların təşviqini və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsini əhatə edir.
Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan kapitalının inkişafı, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti ali təhsil müəssisələrinin qarşısında yeni imkanlar və mühüm vəzifələr müəyyənləşdirir. Bu baxımdan, SDU-da aparılan institusional islahatlar, rəqəmsal transformasiya prosesləri, keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının yenilənməsi ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc qurumun fəaliyyəti, qiymətləndirmə peşəsinin inkişafı, beynəlxalq standartların tətbiqi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verib.
O bildirib ki, SDU ilə əməkdaşlıq yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, tətbiqi tədqiqatların genişləndirilməsinə və beynəlxalq təcrübənin qiymətləndirmə sahəsində tətbiqinə töhfə verəcək. Görüş zamanı qiymətləndirmə sahəsində beynəlxalq standartların öyrənilməsi və tətbiqi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi tədbirlərin təşkili, müasir təlim proqramlarının hazırlanması, tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili, sertifikatlaşdırma proqramları üzrə əməkdaşlıq və milli ekspert potensialının inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Sumqayıt Dövlət Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

