Xəzər Universitetinin dosenti Aynur Qazanfargizinin uzun illərin elmi araşdırmalarının nəticəsi olan "Azərbaycan Türk Mədəniyyət Metaversi: Rəqəmsal Turizm Folklorunun Yaranması, Qorunması və Tətbiqi" adlı monoqrafiyası İmza Nəşrləri tərəfindən çap edilib.
“Tehsil365” xəbər verir ki, monoqrafiyanın elmi redaktorları folklorşünas alim, professor Füzuli Bayat və turizm üzrə mütəxəssis, professor Bahadur Bilalovdur. Kitabın ön sözünün müəllifi professor Füzuli Bayat əsərin müasir folklorşünaslıq və rəqəmsal humanitar elmlər üçün elmi əhəmiyyətini yüksək qiymətləndirir.
Monoqrafiyada ilk dəfə olaraq, Azərbaycan türk mədəni irsinin metaverse mühitində mövcudluğu və inkişaf perspektivləri sistemli şəkildə araşdırılır. Əsər folklorşünaslıq, turizm, rəqəmsal humanitar elmlər və informasiya texnologiyalarını bir araya gətirərək, müasir dövrün aktual elmi problemlərindən birinə – ənənəvi folklorun virtual aləmdə necə yaşaya və yeni məzmun qazana bilməsi məsələsinə cavab axtarır.
Kitabın əsas elmi yeniliklərindən biri müəllif tərəfindən "rəqəmsal turizm folkloru" konsepsiyasının irəli sürülməsi və bu fenomenin yaranma mexanizmlərinin, qorunma yollarının və praktik tətbiq imkanlarının elmi əsaslarla təhlil edilməsidir. Monoqrafiyada göstərilir ki, metaverse yalnız texnoloji platforma deyil, eyni zamanda mədəni yaddaşın qorunması, folklorun yeni kommunikasiya mühitində yaşadılması və turizm vasitəsilə geniş auditoriyaya çatdırılması üçün yeni imkanlar yaradan rəqəmsal mədəni məkan kimi qiymətləndirilə bilər.
Müəllif hesab edir ki, süni intellekt, metaverse və digər rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə əsas məsələ texnologiyanın özü deyil, onun milli-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində necə istifadə edilməsidir. Bu baxımdan monoqrafiya həm nəzəri, həm də praktik əhəmiyyət daşıyan yeni elmi yanaşma təqdim edir.
Nəşrin folklorşünaslıq, turizm, rəqəmsal humanitar elmlər və mədəni irsin qorunması sahəsində çalışan tədqiqatçılar, magistr və doktorantlar, eləcə də bu mövzu ilə maraqlanan oxucular üçün dəyərli elmi mənbə olacağı gözlənilir.

