Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, görkəmli Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın anadan olmasının 194-cü ildönümü tamam olur.
“Tehsil365” xəbər verir ki, Azərbaycan ədəbiyyatı və mədəniyyət tarixində silinməz iz qoyan Xurşidbanu Natəvan həm poetik irsi, həm də xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında xüsusi yer tutur.
1832-ci ildə Şuşada dünyaya gələn Natəvan Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin yeganə övladı idi. Qarabağ xanlarının sonuncu varisi olduğuna görə sarayda ona “Dürrü-yekta” (“tək inci”) deyə müraciət edilir, xalq arasında isə “Xan qızı” kimi tanınırdı.
1845-ci ildə atası Mehdiqulu xanın vəfatından sonra onun hüquqları Xurşidbanu Natəvana keçib. O, sonrakı illərdə yalnız istedadlı şair kimi deyil, həm də maarifçi və xeyriyyəçi kimi tanınıb, Qarabağın ictimai-mədəni həyatında mühüm rol oynayıb.
Xurşidbanu Natəvanın zəngin ədəbi irsi və xalqın rifahı naminə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti bu gün də böyük ehtiramla xatırlanır.
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində lirik şairə, rəssam, xeyriyyəçi və ictimai xadim kimi dərin iz qoymuş şəxsiyyətlərdən biridir. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai kimi klassiklərin yaradıcılığını dərindən öyrənərək onlardan bəhrələnib.
Natəvan təkcə poetik irsi ilə deyil, xeyriyyəçilik fəaliyyəti ilə də xalqın böyük rəğbətini qazanıb. O, ehtiyacı olan insanlara daim yardım göstərib, Şuşa şəhərinin su probleminin həlli üçün məşhur “Xan qızı bulağı”nın çəkilməsinə öncüllük edib. Bu bulaq bu gün də onun xeyirxahlığının rəmzlərindən biri hesab olunur.
Xan qızı Şuşada dövrünün tanınmış ziyalı və şairlərini bir araya gətirən “Məclisi-üns” ədəbi məclisini yaradıb və onun fəaliyyətini şəxsi vəsaiti hesabına maliyyələşdirib. Şeirlərini isə “Natəvan” təxəllüsü ilə qələmə alıb. Onun xüsusilə qəzəl janrında yazdığı əsərlər Azərbaycan klassik poeziyasının dəyərli nümunələri sırasında yer alır.
Şairənin şəxsi həyatı faciələrlə müşayiət olunub. Oğlu Mir Abbasın vaxtsız vəfatı Natəvanın yaradıcılığına dərin təsir göstərib. “Ağlaram”, “Getmə”, “Olaydı”, “Getdi”, “Sənsiz” və “Ölürəm” kimi şeirləri bu ağır itkinin yaratdığı kədərin bədii ifadəsi kimi qiymətləndirilir.
Xurşidbanu Natəvanın yaradıcılığı sonrakı dövrlərdə də sənət adamlarına ilham mənbəyi olub. Onun sözlərinə mərhum bəstəkar Vasif Adıgözəlovun bəstələdiyi “Qərənfil” mahnı-romansı Azərbaycan musiqisinin sevilən nümunələrindən biridir. Eyni zamanda, Xalq şairi Məmməd Rahimin “Natəvan” poeması və Xalq yazıçısı İlyas Əfəndiyevin “Natəvan” pyesi görkəmli şairənin həyat və fəaliyyətinə həsr olunmuş dəyərli ədəbi əsərlər sırasındadır.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib. O, Ağdam şəhərindəki tarixi “İmarət” qəbiristanlığında dəfn olunub. Görkəmli şairənin xatirəsi Azərbaycanda əbədiləşdirilib, onun adını küçələr, məktəblər, kitabxanalar və digər mədəniyyət ocaqları daşıyır. Natəvana məxsus əlyazmalar, şəxsi əşyalar və geyim nümunələri ölkənin arxiv və muzeylərində qorunur.
Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi ucaldılıb. Şuşanın işğalı dövründə Natəvanın büstü erməni vandallığı nəticəsində dağıdılaraq Azərbaycandan çıxarılıb. Sonradan Azərbaycanın səyləri nəticəsində həmin büst geri qaytarılıb. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra, 2021-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən Natəvanın büstü yenidən Şuşada əvvəlki yerinə qoyulub.
2022-ci ildə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib. Bu gün də xalqımız görkəmli şairə, xeyriyyəçi və Qarabağın tanınmış simalarından biri olan Xan qızı Natəvanın zəngin irsini böyük ehtiramla yad edir.

