Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyevanın “Yenidənqurmadan dayanıqlı iqtisadi inkişafa: Azərbaycanın Qarabağ sənaye parklarının ilkin nəticələri” (Reconstruction to Self-Sustaining Growth: Early Performance of Azerbaijan’s Karabakh Industrial Parks) adlı analitik məqaləsi Koreya Respublikasının Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) EMERiCs beynəlxalq analitik platformasında dərc olunub.
“Tehsil365” xəbər verir ki, məqalədə Qarabağ və Şərqi Zəngəzurda münaqişədən sonrakı bərpa və yenidənqurma prosesinin iqtisadi aspektləri, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonasının ilkin fəaliyyət nəticələri, “Yaşıl Enerji Zonası” konsepsiyası, “Böyük Qayıdış” Proqramı, dayanıqlı inkişaf strategiyası, xarici investisiyaların rolu və regionun uzunmüddətli iqtisadi transformasiyası elmi əsaslarla təhlil olunub.
Müəllif qeyd edir ki, sənaye parkları yalnız infrastruktur layihələri deyil, eyni zamanda Qarabağın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, məşğulluğun artırılmasına və qeyri-neft sektorunun inkişafına xidmət edən strateji inkişaf alətləridir.
Qeyd edək ki, Nərgiz Hacıyeva siyasi elmlər üzrə analitik məqaləsi KIEP-in EMERiCs platformasında dərc olunan ilk azərbaycanlı alimdir. Bu nəşr Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və dayanıqlı inkişaf modelinin beynəlxalq ekspert auditoriyasına təqdim edilməsinə, həmçinin ölkəmizin elmi potensialının qlobal analitik müstəvidə tanıdılmasına mühüm töhfə verir.

