Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib.
“Tehsil365” xəbər verir ki, söhbət Nəsimi rayonunda yerləşən 355 və 357 nömrəli, həmçinin Səbail rayonundakı 356 nömrəli körpələr evi–uşaq bağçalarından gedir.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılsa da, adıçəkilən bağçalarda qrupların komplektləşdirilməsinə dəstək məqsədilə elektron qeydiyyat davam etdirilir.
Valideynlər hər üç məktəbəqədər təhsil müəssisəsinə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, ölkədə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə çalışan əməkdaşların peşəkarlığının artırılması prioritet istiqamətlərdən biri hesab olunur.

