Avqustun 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Qlobal iqlim böhranına qarşı mübarizə” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib. Tədbir ADU ilə Koreyanın İnha Universiteti arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçirilən layihə çərçivəsində təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Layihənin əsas məqsədi Azərbaycan və Koreya universitetlərinin tələbələri arasında əməkdaşlığı inkişaf etdirmək, qlobal iqlim dəyişikliklərinə qarşı birgə həll yollarının və innovativ ideyaların hazırlanmasına töhfə verməkdir. 2026-cı ilin əvvəlindən icra olunan layihədə Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti və Koreya universitetlərinin tələbələri iştirak edirlər. Layihə çərçivəsində tələbələr dörd komandaya bölünərək müxtəlif mövzular üzrə təqdimatlar hazırlayıblar.
Açılış mərasimində ADU-nun Beynəlxalq şöbəsinin müdiri Zeynal Cəfərov çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, beynəlxalq əməkdaşlığın elm və təhsil sahəsində yaratdığı imkanları vurğulayıb. Daha sonra İnha Universitetinin professoru Sınvu Han çıxış edərək layihənin həyata keçirilməsində əməyi olan tərəfdaş universitetlərə təşəkkürünü bildirib.
Tədbirin davamında tələbə və müəllimlərin təqdimatları dinlənilib. Ardınca ADU-nun professoru Bahar Əliyeva “Azərbaycan tarixi” mövzusunda mühazirə ilə çıxış edərək ölkəmizin tarixi, geosiyasi və strateji mövqeyi, eləcə də zəngin mədəni irsi haqqında ətraflı məlumat verib. Mühazirə zamanı qonaqlara Azərbaycan muğamı və Qobustandakı Qaval daşı təqdim olunub, onların səsləri nümayiş etdirilərək Azərbaycan mədəniyyəti yaxından tanıdılıb.

