“İmtahan və universitetə qəbul dövründə yaranan stressi idarə etmək üçün ilk növbədə planlı şəkildə hazırlaşmaq və vaxtı düzgün bölüşdürmək vacibdir”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Fuad Əsədov deyib.
Psixoloq bildirib ki, real hədəflər müəyyən etmək, müntəzəm fasilələr vermək, kifayət qədər yatmaq və fiziki aktivliyi gündəlik həyata daxil etmək həm zehni, həm də emosional gərginliyi azaldır.
“Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək kimi müsbət vizuallaşdırma üsulları özünəinamı və motivasiyanı artıra, həyəcanın azalmasına kömək edə bilər”.
Onun sözlərinə görə, eyni zamanda, hər bir imtahanın insanın gələcəyini tam müəyyən etmədiyini xatırlamaq və mənfi düşüncələri daha realist baxış bucağı ilə əvəz etmək faydalıdır.
“Ailə və dostlardan emosional dəstək almaq, lazım gəldikdə isə psixoloqa müraciət etmək stressin daha sağlam şəkildə idarə olunmasına kömək edə bilər”-deyə Fuad Əsədov qeyd edib.

