Bakı Mühəndislik Universitetinin (BMU) maliyyə ixtisasının məzunu Rauf Mirişli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qaliblərindən biri olub.
Bu barədə “Tehsil365”ə BMU-dan məlumat verilib.
Rauf Mirişli 690 balla BMU-ya qəbul olub və Prezident təqaüdünə layiq görülüb. O, bakalavriat təhsilini 96,3 ümumi orta müvəffəqiyyət göstəricisi ilə başa vurub.
BMU məzunu Dövlət Proqramı çərçivəsində ABŞ-nin Vaşinqton Universitetində daşınmaz əmlak ixtisası üzrə magistratura təhsilini davam etdirəcək.
Peşəkar fəaliyyətinə də təhsil aldığı ixtisas üzrə başlayan Rauf Mirişli “PAŞA Bank” və “Bank Respublika”da çalışıb. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də böyük iqtisadçı vəzifəsində fəaliyyət göstərir.
Rauf Mirişli xaricdə əldə edəcəyi bilik və təcrübəni Azərbaycanda tətbiq etməyi, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa layihələrinə, habelə Bakının daşınmaz əmlak sektorunun inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

