Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Proqram mühəndisliyi problemləri. Məqalələrin xülasələri” adlı ekspres-informasiya nəşr edilib.
“Tehsil365” xəbər verir ki, topluda proqram mühəndisliyi sahəsində aparılan çoxillik araşdırmaların mühüm elmi nəticələri yer alıb.
Nəşrdə qeyd olunur ki, İnformasiya Texnologiyaları İnstitutunda artıq 20 ildən çoxdur davamlı olaraq proqram mühəndisliyi problemləri ilə bağlı elmi-nəzəri və praktiki araşdırmalar aparılır. Ötən müddət ərzində proqram mühəndisliyinin məqsəd və vəzifələri, inkişaf trendləri, bu sahədə beynəlxalq təcrübə hərtərəfli analiz olunub. İnstitutun tədqiqatçıları tərəfindən, həmçinin proqram təminatının məhsuldarlığının, səmərəliliyinin və etibarlılığının artırılması, proqram kodunun mürəkkəbliyinin müəyyən edilməsi, proqram təminatını işləyən komandanın iş effektivliyinin qiymətləndirilməsi metrikaları, süni intellekt texnologiyalarının tətbiqi üzrə mühüm metod və alqoritmlər işlənib hazırlanıb.
Ekspres-informasiyada proqram mühəndisliyinin aktual elmi problemlərinə dair 4 kitab, 170-ə yaxın məqalə və tezis haqqında məlumat verilir. Həmin tədqiqat nəticələrinin bir çoxu dünyanın nüfuzlu, yüksəkindeksli beynəlxalq elmi nəşrlərində çap edilərək geniş oxucu auditoriyasına təqdim olunub.
Nəşrin elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.
Yeni çapdan çıxmış bu vəsait proqram mühəndisliyi, süni intellekt sistemləri, böyük verilənlər və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçılar, pedaqoqlar, müvafiq sahədə təhsil alan tələbələr, İKT mütəxəssisləri üçün dəyərli elmi mənbə rolunu oynayır.

