UNEC-də tələbələrin yay tətilini daha səmərəli, maraqlı və yaddaqalan keçirmələri məqsədilə tələbələrin I Yay Festivalı – “UNECfest” təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Festivalda ümumilikdə 700-ə yaxın UNEC tələbəsi və abituriyent iştirak edib. Gün ərzində iştirakçılar əyləncə, yaradıcılıq və komanda ruhunu təşviq edən müxtəlif fəaliyyətlərə qoşulmaq, yeni bacarıqlar əldə etmək və asudə vaxtlarını maraqlı şəkildə dəyərləndirmək imkanı qazanıblar.
“UNECfest” 4 əsas fəaliyyət zonasını əhatə edib. Festival proqramı çərçivəsində iştirakçılar üçün müxtəlif komanda oyunları və e-Sports turniri keçirilib, həmçinin gil qabların boyanması, LEGO, face art, qolbaq hazırlanması və digər interaktiv master-klasslar təşkil olunub. Festival boyunca iştirakçılara ödənişsiz sərinləşdirici içkilər də təqdim edilib.
Festivalın əsas məqsədi tələbələrin yay tətilinin səmərəli təşkilinə dəstək olmaq, onların sosial fəallığını artırmaq, yaradıcılıq potensialını inkişaf etdirmək, komanda işini və əməkdaşlıq bacarıqlarını təşviq etmək, eləcə də yeni dostluq münasibətlərinin formalaşmasına şərait yaratmaq olub.
Müxtəlif əyləncə və interaktiv proqramları ilə yadda qalan “UNECfest” iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

