Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan olunur.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, tərəfdaşlıq çərçivəsində regional sənayenin və əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanması nəzərdə tutulur. Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki ixtisası əhatə edir.
Energetika mühəndisliyi ixtisası üzrə 40, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə isə 30 plan yeri ayrılıb. Tədris modeli tələbələrin üç il MDU-da, bir il isə AzTU-da təhsil almasını nəzərdə tutur. Tələbələr təhsil müddətində həm MDU-nun müasir akademik mühitindən, həm də AzTU-nun mühəndislik sahəsindəki zəngin təcrübəsi, praktiki təhsil imkanları və laboratoriya bazasından faydalanacaqlar. Təlim prosesinə hər iki ali təhsil müəssisəsinin sənaye təcrübəsinə malik peşəkar professor-müəllim heyəti və sahə mütəxəssisləri cəlb olunacaq. Tədris proqramı nəzəri biliklərlə yanaşı, sənaye müəssisələrində praktiki vərdişlərin mənimsənilməsinə xüsusi üstünlük verir. Proqram çərçivəsində təhsil alan tələbələr mühəndislik sahəsində müasir texnologiyaları mənimsəyərək rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq imkanı əldə edəcəklər.

