Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Qivami Rəhimli Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində dünya məşhurları ilə əməkdaşlığının bəzi məqamlarını əks etdirən məqalə hazırlayıb.
“Tehsil365” Qivami Rəhimlinin qələmə aldığı yazını oxuculara təqdim edir.
Professor Bettany Hughes zəngin peşəkar fəaliyyəti, fundamental tarixi araşdırmaları və bəşəriyyətin mədəni irsinin geniş auditoriyaya çatdırılması istiqamətindəki xidmətləri ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. O, BBC, Channel 4, Netflix, Discovery, PBS, National Geographic, BBC World, ITV və History Channel kimi nüfuzlu media qurumları üçün 50-dən çox sənədli filmlərin müəllifi və aparıcısıdır. Bettany Hughesin hazırladığı proqramlar 250 milyondan çox insan tərəfindən izlənilib və onun tarixi irsin qorunması, öyrənilməsi və geniş ictimaiyyətə tanıdılması istiqamətindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Professor Bettany Hughes ölkəmizə ilk dəfə 2018-ci ildə BBC üçün Azərbaycanın zəngin tarixi və mədəni irsinə həsr olunmuş xüsusi radio verilişləri hazırlamaq məqsədilə səfər etmişdi. Həmin dövrdə bp şirkətində mədəni irs layihələrinə rəhbərlik edən şəxs kimi, Azərbaycanın mədəni irsinin beynəlxalq auditoriyaya tanıdılmasına xidmət edən bu mühüm layihənin həyata keçirilməsində Bettany Hughesə dəstək göstərmək mənim üçün həm böyük məsuliyyət, həm də unudulmaz təcrübə idi.
Əməkdaşlığımız zamanı professor Bettany Hughes Azərbaycanın tarixi və mədəni irsinə dair qələmə aldığım bir neçə məqalələrlə də tanış oldu. Onların sırasında görkəmli norveçli səyyah və tədqiqatçı Tur Heyerdalın Azərbaycanın qədim tarixi və sivilizasiyalararası əlaqələrin öyrənilməsinə verdiyi töhfələrdən bəhs edən “Bizim gəldiyimiz diyar”, eləcə də “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır”, “bp Azərbaycanın mədəni irsinin tanıdılmasına töhfə verir” adlı yazılarım da var idi. Bu məqalələri oxuduqdan sonra Bettany Hughes onları “oxucunu valeh edən yazılar” kimi dəyərləndirmiş, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında təqdim olunan məlumatların beynəlxalq auditoriya üçün böyük maraq doğurduğunu qeyd etmişdi.
BBC üçün hazırladığı proqramda isə Bettany Hughes məni “Azərbaycanın mədəni irsinin qorunması və tanıdılmasına səmimi bağlılığı ilə seçilən tarixçi və arxeoloq” kimi təqdim etmişdi. Bu səmimi qiymətləndirmə onun ölkəmizin tarixi və mədəni irsinə, eləcə də bu irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərə verdiyi yüksək dəyərin ifadəsi idi.
Mənim üçün xüsusilə yaddaqalan məqamlardan biri professor Bettany Hughesin bp-nin operatoru olduğu Səngəçal terminalına, eləcə də Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi çərçivəsində tikinti işləri zamanı 2016-cı ildə aşkar edilmiş Kərpiclitəpə arxeoloji abidəsinə birgə səfərlərimiz oldu. Bu səfərlər zamanı Azərbaycanın zəngin arxeoloji irsinin qorunması istiqamətində həyata keçirilən nümunəvi yanaşma professor Bettany Hughesdə böyük təəssürat yaratmışdı.
Kərpiclitəpə tapıntısının beynəlxalq elmi və tarixi əhəmiyyətini nəzərə alan bp şirkəti mühüm qərar qəbul edərək boru kəmərini abidədən kənarlaşdıraraq onun marşrutunu dəyişdirdi. Bu addım ərazidə genişmiqyaslı arxeoloji tədqiqatların aparılmasına imkan yaratdı, eyni zamanda, unikal tarixi irsin gələcək nəsillər üçün qorunub saxlanılmasını təmin etdi.
X–XIII əsrlərə aid qala tipli bu nadir arxeoloji abidənin maraqlı tarixçəsi professor Bettany Hughesin BBC-də yayımlanan "Tales from the Caspian Sea" ("Xəzər dənizindən hekayələr") adlı proqramında geniş auditoriyaya təqdim olundu. Beləliklə, Azərbaycanda mədəni irsin qorunması sahəsində tətbiq olunan məsuliyyətli yanaşma və ölkəmizin zəngin tarixi-arxeoloji irsi dünyanın aparıcı media platformalarından biri vasitəsilə qlobal auditoriyaya çatdırıldı. Bu proqram Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynadı.
Hələ 2018-ci ildə professor Bettany Hughesin Azərbaycana ilk səfəri ilə bağlı qələmə aldığım məqalədə yazmışdım ki, “...bu səfər gələcəkdə Bettany Hughes üçün ölkəmizin zəngin tarixi və mədəni irsinə həsr olunacaq yeni sənədli televiziya layihəsinin hazırlanması üçün möhkəm zəmin yaradacaq. Belə bir layihə Azərbaycanın qədim tarixini , eləcə də Qarabağda Ermənistan işğalından azad ediləcək ərazilərdə yerləşən zəngin mədəni irsini beynəlxalq auditoriyaya tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edərdi”.
Aradan ötən illər göstərdi ki, bu gözlənti təsadüfi deyildi. Bettany Hughesin Azərbaycanın tarixi və mədəni irsinə göstərdiyi davamlı maraq, eləcə də ölkəmizin qədim sivilizasiyasının dünya ictimaiyyətinə tanıdılması istiqamətində həyata keçirilən layihələr həmin fikrin nə qədər uzaqgörən olduğunu təsdiqlədi.
Bettany Hughesin Azərbaycana ilk səfəri ilə bağlı qələmə aldığım arzuların bir neçə il sonra gerçəkləşməsi mənim üçün peşəkar fəaliyyətimin ən qürurverici məqamlarından birinə çevrildi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Bettany Hughes yenidən Azərbaycana səfər edərək Qarabağda, o cümlədən Şuşada çəkilişlər apardı. Nəticədə ölkəmizin qədim tarixi və zəngin mədəni irsinə həsr olunmuş 60 dəqiqəlik “Treasures of the World – Azerbaijan” (“Dünya xəzinələri – Azərbaycan”) sənədli filmi ərsəyə gəldi.
2022-ci ilin payızında BBC World News telekanalı vasitəsilə yayımlanan bu film Azərbaycanın tarixi və zəngin mədəni irsini milyonlarla tamaşaçıya təqdim edərək ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verdi. Professor Bettany Hughes ilə söhbətlərimiz zamanı o, hələ 2018-ci ildə səsləndirdiyim gözləntilərin gerçəyə çevrildiyini xüsusi məmnunluqla vurğulayırdı. Onun bu qiymətləndirməsi həm birgə əməkdaşlığımızın uğurlu nəticələrini, həm də Azərbaycanın tarixi və mədəni irsinin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin bəhrəsini əks etdirirdi.
Bettany Hughes ilə əməkdaşlığımızın yaddaqalan məqamlarından biri də onun Azərbaycana səfəri zamanı uzun illərin dostu, dünyaşöhrətli fotojurnalist, əslən Təbrizdən olan həmyerlimiz Reza Deqati ilə görüşünün təşkil edilməsi oldu. Bu görüş Azərbaycanın tarixi, mədəniyyəti və Qarabağın zəngin irsi ətrafında dərin fikir mübadiləsi üçün də gözəl imkan yaratdı.
44 günlük Vətən müharibəsinin ilk günlərindən Qarabağa yollanan Reza işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin Azərbaycanın mədəni irsində buraxdığı dağıntıları fotoobyektivi vasitəsilə sənədləşdirərək bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırırdı.
Onun obyektivində əks olunan dağıdılmış şəhərlər, məscidlər, tarixi abidələr və yaşayış məskənləri Azərbaycanın üzləşdiyi mədəni irs faciəsinin dünya ictimaiyyətinə təqdim olunmasında mühüm rol oynadı.
Rezanın BBC proqramında iştirakı Bettany Hughesin Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş sənədli filminə xüsusi emosional təsir qazandırdı. Onun regionun tarixi, mədəniyyəti və Qarabağın taleyi ilə bağlı şəxsi müşahidələri, peşəkar baxışları və zəngin həyat təcrübəsi proqramın ən yaddaqalan hissələrindən birinə çevrildi.
Azərbaycanın zəngin mədəni irsinin qorunması sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədlə 2019-cu ilin may ayında keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Kərpiclitəpə arxeoloji abidəsində aparılmış qazıntılar zamanı aşkar olunan qiymətli artefaktlar və tədqiqatların nəticələri xüsusi ekspozisiyada nümayiş etdirildi.
Sərgiyə baxış zamanı Azərbaycan Prezidenti İlham Əliyev bp-nin regionda həyata keçirdiyi enerji layihələri ilə yanaşı, Kərpiclitəpə arxeoloji abidəsində aparılan elmi tədqiqatların nəticələri və aşkar edilmiş unikal artefaktlarla da yaxından tanış oldu. Bu təqdimat mədəni irsin qorunmasını nümayiş etdirən uğurlu nümunə kimi böyük maraq doğurdu.
2019-cu ilin noyabr ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq konfrans keçirildi.
Konfransın moderatoru kimi çıxış etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürurverici təcrübə idi.
Müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirak etdiyi bu konfrans sənaye, elm və mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biri kimi yadda qaldı.
Bp-nin mədəni irs layihələrini həyata keçirən azərbaycanlı və xarici mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində CQBKG layihəsi marşrutu üzrə aparılmış arxeoloji qazıntıların yekun elmi icmalının hazırlanması üzrə işlərin koordinasiyası da mənə həvalə olunmuşdu.
Yekun elmi icmal CQBK marşrutu üzrə həyata keçirilmiş arxeoloji ekspedisiyalarda iştirak etmiş britaniyalı arxeoloq David Maynard-ın rəhbərliyi altında azərbaycanlı mütəxəssislərlə sıx əməkdaşlıq şəraitində hazırlanmışdır. Layihəyə beynəlxalq ekspertlər Justin Bedard, James Gallison, Greg Lockard, Jeff Hokanson və Richard Moore da cəlb olunmuşdular.
David Maynardın müəllifi olduğu “Archaeological Excavations on the SCPX Pipeline, Azerbaijan” adlı arxeoloji qazıntılar barədə yekun hesabatı 2023-cü ilin yanvar ayında Böyük Britaniyanın York Universitetinin Arxeologiya Departamenti tərəfindən nəşr olunan nüfuzlu Internet Archaeology elmi jurnalında dərc edildi.
Beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Internet Archaeology mədəni irs və arxeologiya sahəsində dünyanın aparıcı rəqəmsal elmi platformalarından biri hesab olunur.
Beləliklə, CQBKG layihəsi çərçivəsində Azərbaycanda aparılmış arxeoloji tədqiqatların nəticələri dünyanın müxtəlif ölkələrində alimlər, arxeoloqlar, tədqiqatçılar və mədəni irs üzrə mütəxəssislər üçün etibarlı elmi mənbə kimi əlçatan oldu. Bu nəşr Azərbaycanın zəngin arxeoloji irsinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsinə və ölkəmizdə əldə olunmuş mühüm elmi nəticələrin qlobal akademik ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdi.
Böyük britaniyalı arxeoloq David Maynardla əməkdaşlığımız bununla yekunlaşmır. Hazırda bu uğurlu tərəfdaşlığın davamı olaraq boru kəməri marşrutu boyunca aparılmış arxeoloji qazıntılara həsr olunmuş yeni kitabın ingilis və Azərbaycan dillərində nəşri istiqamətində işlər aparılır.
Kitabın ön sözündə David Maynardın bu nəşrin ərsəyə gəlməsində göstərdiyim töhfəni xüsusi qeyd etməsi uzun illər ərzində görülən əməyə verilən ən dəyərli qiymətlərdən biridir. Əminəm ki, bu nəşr ölkəmizin zəngin mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində növbəti əhəmiyyətli addımlardan biri olacaq.
Bu gün geriyə nəzər salarkən, Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən bu layihələrin bir parçası olmaqdan böyük qürur hissi keçirirəm. Dünyanın tanınmış alimləri, tədqiqatçıları və media nümayəndələri ilə həyata keçirilən əməkdaşlıq ölkəmizin zəngin mədəni irsinin və tarixi həqiqətlərinin qlobal auditoriyaya çatdırılmasına mühüm töhfə verib.

