Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında uğurla çıxış edərək iki kateqoriya üzrə I yerə layiq görülüblər.
Universitetdən “Tehsil365”ə bildirilib ki, yarışda BMU-nun Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının elektrik və elektronika mühəndisliyi ixtisasının IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli iştirak ediblər.
Tahirə Bəylərova “Labirint” kateqoriyasında 18 komandanın mübarizə apardığı yarışda tapşırığı 4,11 saniyəyə yerinə yetirərək I yeri tutub.
Ülkər Rəhimli isə “Robosoccer” kateqoriyasında 14 komandanın iştirak etdiyi yarışda yüksək nəticə göstərərək I yerə layiq görülüb.
Dünya finalında ümumilikdə 25 ölkədən tələbələr iştirak ediblər. IWISE yarışmasında Azərbaycan nümayəndə heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.
Qeyd olunub ki, BMU tələbələrinin qazandığı uğur onların mühəndislik, robototexnika və innovativ texnologiyalar sahəsində əldə etdikləri nəzəri bilikləri praktik bacarıqlarla uğurla tətbiq etdiklərini göstərir. Eyni zamanda, beynəlxalq yarışmada əldə olunan nəticələr universitetdə müasir mühəndislik təhsilinin inkişafına, innovativ düşüncənin formalaşdırılmasına və tələbə layihələrinin dəstəklənməsinə göstərilən diqqətin nəticəsi kimi qiymətləndirilir.
IWISE gənclərin elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirdikləri beynəlxalq platformadır. Müxtəlif mərhələlərdən ibarət olan yarış iştirakçılara öz layihələrini beynəlxalq müstəvidə təqdim etmək və müxtəlif ölkələrdən olan gənc innovatorlarla rəqabət aparmaq imkanı yaradır.

