Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu və Bakı Dövlət Universiteti alimlərinin Türkiyə, ABŞ və Serbiyanın elmi mərkəzlərinin tədqiqatçıları ilə birgə apardıqları elmi araşdırmaların mühüm nəticələri “Web of Science” və “Scopus” bazalarında indekslənən, impakt faktoru 2,8 olan, “Elsevier” nəşriyyatına məxsus “Polyhedron” jurnalında dərc edilib.
“Tehsil365” xəbər verir ki, məqalə pirazolidinəsaslı Cu(II) və Ni(II) komplekslərinin sintezinə və onların çoxhədəfli ferment inhibitorları kimi müfəssəl tədqiqinə həsr edilib. Tədqiqat çərçivəsində pirazolidinəsaslı Şiffəsaslı liqandın yeni Cu(II) və Ni(II) kompleksləri sintez olunub və struktur baxımından xarakterizə edilib. Rentgen-kristalloqrafik analiz komplekslər arasında həndəsi fərqləri üzə çıxarıb.
Tədqiqatın nəticələri göstərir ki, metal koordinasiyası vasitəsilə sərtlik və elastiklik arasındakı tarazlığın dəqiq tənzimlənməsi selektiv ferment inhibitorlarının dizaynında əsas strategiyalardan biridir. Əldə olunan nəticələr karbonik anhidrazaları (CA) və xolinesterazaları hədəf alan çoxfunksiyalı metaləsaslı terapevtik agentlərin inkişafı üçün elmi əsas yaradır.
Qeyd edək ki, yeni metal komplekslərinin inhibitor xüsusiyyətlərinin araşdırılması Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metalloenzim inhibitorlarının yaradılması və “in vitro” və “in vivo” təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

