Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul prosesini əhatə edən 4-cü nömrəsini nəşr edib.
“Tehsil365” xəbər verir ki, jurnalda ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, eləcə də ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu dərc olunub.
Nəşr Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün Azərbaycan dilində hazırlanıb. Həm Azərbaycan, həm də rus bölməsi üzrə abituriyentlər ixtisas seçimində bu jurnaldan istifadə edirlər. Jurnalda “Azərbaycan bölməsi”, “Rus bölməsi” və “Azərbaycan və rus bölmələri üzrə birgə” qəbul aparılan ixtisaslar təqdim olunub.
DİM abituriyentlərə ixtisas seçimini həyata keçirməzdən əvvəl jurnalda yer alan müvafiq ixtisaslarla bağlı vacib qeydlərlə diqqətlə tanış olmağı tövsiyə edir.
Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Nəşri, həmçinin “abiturient.az saytı” və “Wolt” tətbiqi vasitəsilə sifariş etmək olar.
Jurnalın elektron (PDF) versiyası isə “abiturient.az” saytında istifadəçilərin ixtiyarına verilib.

