“Günvurmadan qorunmağın ən əsas yolu günəş şüaları altında və isti yerdə dayanmamaqdır. İnsanların istiliyə dözümü müxtəlifdir. Bəzi adamlar istiliyi və günəş şüalarını çox pis keçirirlər. Belə şəxslər xüsusilə diqqətli olmalıdırlar”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında ekspert Adil Qeybulla bildirib.
Ekspert bildirib ki, isti havada insan orqanizmində qan damarları dəri səthində genişlənir.
“İsti havada insan orqanizmində qan damarları dəri səthində genişlənir, tənəffüs vasitəsilə buxarlar xaricə çıxır və özü ilə istilik daşıyır. Müəyyən qədər orqanizma konpensator vəziyyətdə saxlayır. Bir müddətdən sonra imkanlar tükənir və nəticədə daxildən bədən temperaturu yüksəlməyə başlayır”.
Onun sözlərinə görə, bədən temperaturunun 39-40 dərəcə yüksəlməyi insan orqanizmi üçün ciddi bir hadisədir.
“Bədən temperaturunun 39-40 dərəcə yüksəlməyi insan orqanizmi üçün ciddi bir hadisədir. Bu mikrosimpulyator səviyyədə, yəni çox xırda damarlarda pozulma gedir, qanın laxtalanması artır. Bu səbədən oksigen azlığından çox həssas olan beyin, birinci növbədə, əziyyət çəkir. Bu zaman xəstələrdə huşun qaranlıqlaşması, təzyiqin düşməsi, bədənin soyuq tər basması müşahidə edilir. Belə olan halda mütləq həmin şəxs sərin bir yerə keçirilməli, bədəni sərin dəsmalla silinməli, alnına yaş dəsmal qoyulmalı və həkim çağırılmalıdır”.
Ekspert vurğulayıb ki, istivurmanı uşaqlar çox pis keçirirlər.
“Uşaqların su tutumu çox azdır və onlar istivurmanı çox pis keçirirlər. Ona görə də mümkün qədər isti havada bayıra çıxan adamın yanında su olmalı və su içməyə diqqət eləməlidir. Saat 4-6 radələri arasında birbaşa günəş şüaları altında baş örtüyü olmadan dayanmaq məqsədə uyğun deyil”.

