Azərbaycan-Fransız Universitetində (UFAZ) 2026–2027-ci tədris ili üzrə bakalavr pilləsinə qəbul prosesi başa çatıb.
“Tehsil365” xəbər verir ki, yeni tədris ilində UFAZ-da ümumilikdə 186 tələbə I kursda təhsil alacaq.
Bu il UFAZ-da bakalavr pilləsi üzrə 190 dövlət sifarişli yer ayrılıb. Ayrılmış yerlərin 185-i qəbul olunan abituriyentlərlə tamamlanıb. Bundan əlavə, 1 abituriyent ödənişli əsaslarla UFAZ-a qəbul olunub.
Yeni qəbul olunan tələbələrdən 60-ı “Kompüter elmləri”, 41-i “Kimya mühəndisliyi", 30-u “Kimya", 29-u “Neft və qaz mühəndisliyi”, 26-sı isə “Geologiya və geofizika mühəndisliyi" ixtisası üzrə təhsil alacaq.
Qəbul olunan 186 tələbənin 126-sı oğlan, 60-ı isə qızdır. Onların arasında DİM imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayı da diqqət çəkir. Belə ki, qəbul olunanların 55-i DİM imtahanında 600-dən yüksək bal toplayıb. Onlardan 7 nəfərin nəticəsi 650 balı ötüb.
UFAZ-ın qəbul imtahanında ən yüksək nəticəni 72/100 balla "Kompüter elmləri” ixtisasına qəbul olunan Abbas Nuri göstərib. DİM imtahanında isə ən yüksək nəticə 673.5 balla "Kompüter elmləri" ixtisasına qəbul olunan Fərid Abbaslıya məxsusdur.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə UFAZ-a qəbul imtahanında iştirak etmək üçün DİM-in I ixtisas qrupu üzrə qəbul imtahanında 450 və daha artıq bal toplayan 914 abituriyent qeydiyyatdan keçib. Onlardan 881 nəfər imtahanda iştirak hüququ qazanıb, 714 nəfər isə UFAZ-ın qəbul imtahanında iştirak edib.
Yeni qəbul olunan tələbələri təbrik edir, onlara akademik fəaliyyətlərində uğurlar arzulayırıq.

