Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tabeliyində fəaliyyət göstərən "Təhsil" istirahət mərkəzində 3-9 avqust 2026-ci il tarixlərində təşkil olunan istirahət proqramı çərçivəsində keçirilən intellektual yarışda uğur qazanıblar.
“Tehsil365” xəbər verir ki, müəllim və əməkdaşlar arasında keçirilən, bilik, sürət və strategiyanın bir araya gəldiyi “Təhsilin İZ’i 4” intellektual yarışı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və “İZ” intellektual platformasının dəstəyi ilə təşkil olunub. Yarışda iştirak edən komandalar müxtəlif sahələr üzrə biliklərini, məntiqi düşünmə və komanda şəklində qərarvermə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda Azərbaycan Dillər Universiteti əməkdaşlarının da təmsil olunduğu “Legion” komandasında Keyfiyyətin təminatı və monitorinq şöbəsinin baş mütəxəssisi İnci Həşimova və Strateji inkişaf və planlama şöbəsinin mütəxəssisi Nərgiz Axundova da yer alıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, “Legion” komandası 26 komanda arasında fərqlənərək III yerə layiq görülüb. Qaliblərə sertifikat və medallar təqdim olunub.

