“Ümumi təhsil məktəblərində telefonlardan istifadəyə dair artıq yeni təlimatlar hazırlanıb və bunun icrasına da başlanılıb”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
Ekspert bildirib ki, başqa bir məsələ burada müəyyən istisnaların olmasıdır.
“Başqa bir məsələ odur ki, burada müəyyən istisnalar var. Məsələn, telefondan birbaşa qadağa məcburi şərt kimi qoyulmayıb. Əgər vacib bir məqam yaranacaqsa, dərsdənkənar telefondan istifadə etmək icazəsi var. Həmçinin, bunun dünya təcrübəsində və praktikasında tətbiqinə başlanılıb”.
Onun sözlərinə görə, təhsildə inkişaf etmiş ölkələr bu qadağadan istifadə edir.
“Təhsildə inkişaf etmiş Avropa və digər ölkələr telefondan istifadəyə qadağa qoyublar. Başqa bir məsələ də odur ki, indiki böyük provayderlərə ağır şərtlər qoyulub ki, 16 yaşa qədər sosial şəbəkədən istifadə hallarına imkan verilməsin. Bununla bağlı, Meta şirkəti böyük məbləğdə cərimə olundu”.
Ekspert vurğulayıb ki, süni intellektin inkişaf etdiyi dövrdə telefon qadağası qeyri-mümkün görünür.
“Ümumi görünən mənzərə odur ki, biz artıq 21-ci əsrin ortalarına gəlib çıxmışıq və bu məsələlərdə, süni intellektin inkişaf elədiyi bir dövrdə telefondan kütləvi qadağanın tətbiqi bir az mümkün görünmür. Bəzi hallarda şagirdlər müəllimləri də qabaqlayırlar və onların smart telefonlar, planşetlər üzərindən informasiyanı əldə etmək imkanları yaranır. Bu halda bir qədər bu mövzu problemli görünür. Bunların məktəblərdə tətbiqinə başlanılsa da, tam qadağası mümkün olmayacaq”.

