Artıq sabahdan abituriynet və valideyinlərin aylardır gözlədiyi ixtisas seçimi başlayır.
Seçim 12-19 avqust günlərini əhatə edəcək.
“Tehsil365” xəbər verir ki, abituriyentlərə bu həssas və qərarverici yolda dəstək olmaq, onlara doğru istiqamət göstərmək məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov tövsiyələrini bölüşüb.
"Əziz abituriyentlər, 12-19 avqust tarixlərində edəcəyiniz ixtisas seçimi yalnız hansı universitetdə və hansı ixtisas üzrə təhsil alacağınızı müəyyən etmir. Bu qərar qarşıdakı illərdə formalaşacağınız mühiti, qazanacağınız təcrübəni, qarşılaşacağınız imkanları və gələcək peşə yolunuzu da müəyyənləşdirir.
Ona görə seçim siyahınızı hazırlayarkən yalnız bugünkü nəticənizi deyil, dörd il sonra olmaq istədiyiniz insanı da düşünün.
Universitet seçərkən özünüzdən soruşun:
Harada nəzəri biliklə yanaşı real təcrübə qazana bilərəm?
Harada ideyalarımı təşəbbüsə və nəticəyə çevirə bilərəm?
Harada beynəlxalq imkanlara çıxış əldə edə bilərəm?
Harada tələbə kimi fikrimə, inkişafıma və gələcəyimə dəyər verilər?
Dörd il sonra hansı universitetin məzunu olmaq mənim üçün qürur mənbəyi olar?
Mingəçevir Dövlət Universitetində məqsədimiz tələbəyə yalnız ali təhsil diplomu vermək deyil. Məqsədimiz dəyişən dünyanın tələblərinə uyğun düşünən, bilik və bacarıqlarını praktikada tətbiq edə bilən, öz karyera yolunu qurmağa hazır məzunlar yetişdirməkdir.
Bu məqsədlə MDU-da təhsil mühiti davamlı yenilənir, praktiki öyrənmə imkanları genişləndirilir, beynəlxalq əməkdaşlıqlar inkişaf etdirilir, tələbə təşəbbüsləri dəstəklənir, karyera və şəxsi inkişaf üçün yeni imkanlar yaradılır.
Çünki doğru universitet seçimi yalnız növbəti dörd ilinizi deyil, ondan sonrakı həyat yolunuzu da formalaşdırır.
12-19 avqust tarixlərində seçiminizi edərkən gələcəkdə geriyə baxacağınız günü də düşünün.
Dörd il sonrakı özünüzün bu günkü qərarınız haqqında deyəcəyi cümlə belə olsun: “Yaxşı ki, bu seçimi etmişəm"".

