Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində filologiya və pedaqoji istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması həyata keçirilir.
Universitetdən “Tehsil365”-ə bildirilib ki, fakültədə Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilçilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Rus dili, İngilis dili (təbiət fakültələri üzrə), İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri olmaqla 12 kafedra, həmçinin 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, filologiya (Azərbaycan dili və ədəbiyyatı), dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı) və filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə kadr hazırlığı aparılır.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisaslarının məzunları ümumi təhsil müəssisələrində, o cümlədən məktəblərdə, lisey və gimnaziyalarda müəllim kimi fəaliyyət göstərə bilərlər.
Filologiya (Azərbaycan dili və ədəbiyyatı), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı) və filologiya (ingilis dili və ədəbiyyatı) ixtisaslarını bitirənlər filoloji profilli elmi-tədqiqat institutlarında, dövlət qurumlarında və müxtəlif müəssisələrdə filoloq və ya mütəxəssis-məsləhətçi kimi çalışa bilərlər.

