2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə başlayan Qarabağ Universiteti qısa müddətdə inkişaf edərək hazırda 9 fakültədə 49 ixtisas üzrə təhsil imkanları təqdim edir.
“Tehsil365” xəbər verir ki,bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, universitetdə mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, eləcə də incəsənət istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.
Qarabağ Universitetinin beynəlxalq standartlara cavab verən tədris infrastrukturu tələbələrin hərtərəfli inkişafına xidmət edir. Müasir auditoriyalar, laboratoriyalar, zəngin kitabxana fondu və elmi-tədqiqat məkanları təhsilalanların bilik və bacarıqlarını inkişaf etdirmələri, elmi araşdırmalar aparmaları və innovativ layihələr reallaşdırmaları üçün əlverişli akademik mühit yaradır.
Universitetə qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Tələbələrin keyfiyyətli təhsil alması və müasir kampusun təqdim etdiyi imkanlardan tam istifadə etməsi üçün zəruri şərait yaradılıb. Bütün tələbələr yataqxana ilə təmin olunur, yataqxana və kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır.
Qarabağ Universitetinin inkişaf strategiyası çərçivəsində təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və Hüquq fakültələri, Şuşada İncəsənət fakültəsi, Xocalıda isə Kənd təsərrüfatı fakültəsi üçün yeni tədris binalarının inşası nəzərdə tutulur. Bu layihələr Qarabağda müasir və dayanıqlı təhsil ekosisteminin formalaşdırılmasına xidmət edəcək.
Universitetin Klinikası ilə inteqrasiya olunmuş Tibb və sağlamlıq fakültəsində təhsil, elmi tədqiqat və praktik tibbi fəaliyyət vahid akademik-kliniki mühitdə həyata keçirilir. Tələbələr burada nəzəri biliklərini real klinik şəraitdə tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.
Qarabağ Universitetində təhsil yalnız auditoriya dərsləri ilə məhdudlaşmır. Təcrübə proqramları, istehsalat təcrübələri və tətbiqyönümlü təhsil modeli tələbələrin əmək bazarına hazırlığını gücləndirir, tərəfdaş müəssisələrlə əməkdaşlıq isə onların gələcək karyera imkanlarını genişləndirir.
Universitetin əsas məqsədi yalnız peşəkar məzunlar yetişdirmək deyil, eyni zamanda, Qarabağın və Azərbaycanın davamlı inkişafına töhfə verəcək bilikli, təşəbbüskar və məsuliyyətli gənc nəslin formalaşdırılmasına töhfə verməkdir.
Sürətlə inkişaf edən Qarabağ Universitetində gələcək illərdə yeni ixtisasların açılması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.

