Naxçıvan Dövlət Universitetinin Batabat Astrofizika Rəsədxanasından verilən məlumata görə, Perseid meteor yağışı 12-dən 13-nə keçən gecə pik həddinə çatacaq.
“Tehsil365” xəbər verir ki, hava şəraiti əlverişli olduğu halda, meteor yağışını xüsusilə sübhə yaxın saatlarda müşahidə etmək mümkün olacaq.
Perseid meteor yağışı 109P/Swift-Tuttle kometinin kosmik fəzada qoyduğu xırda toz və qaya zərrəciklərindən yaranır. Atmosferə saniyədə təxminən 55–60 kilometr sürətlə daxil olan bu hissəciklər sürtünmə nəticəsində qızaraq yanır və göy üzündə parlaq işıq zolaqları – meteorlar meydana gətirir.
2026-cı ildə Perseid meteor yağışının pik dövrünün Yeni Ay fazasına təsadüf etməsi müşahidə üçün xüsusilə əlverişli şərait yaradır. Ay işığının olmaması meteorların daha aydın görünməsinə imkan verir. Şəhər işıqlarından uzaq, tam qaranlıq ərazilərdə saatda 150-yə yaxın meteor müşahidə etmək mümkündür.
Meteor yağışını izləmək üçün teleskop və ya xüsusi optik cihazlara ehtiyac yoxdur. Açıq ərazidə, süni işıqlardan uzaq bir məkan seçərək səmanı geniş şəkildə müşahidə etmək kifayətdir. Meteorların saçılma mərkəzi şimal-şərq istiqamətində yerləşsə də, işıq zolaqları səmanın müxtəlif hissələrində görünə bilər.
Müşahidə zamanı telefon və planşet ekranlarının parlaq işığından uzaq durmaq tövsiyə olunur. Gözlərin qaranlığa uyğunlaşması meteorları və digər səma cisimlərini daha aydın görməyə imkan verəcək.
Naxçıvan Dövlət Universitetinin Batabat Astrofizika Rəsədxanası bildirir ki, buludsuz hava şəraitində bu astronomik hadisəni müşahidə etmək üçün ən uyğun vaxt gecə saatlarından sübhədək olan müddətdir.

