“Dezinformasiya və informasiya - bunlar fərqli anlayışlardır. Yalan informasiya bəzən bilmədən yayılan, amma əsassız, təsdiqini tapmamış informasiyalardır. Bu da cəmiyyətə zərər vurur, lakin dezinformasiyadan fərqli olaraq, yalan informasiyanın arxasında, bir qayda olaraq, cəmiyyəti aldatmaq niyyəti durmur”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında Media eksperti Azər Həsrət bildirib.
Ekspert bildirib ki, dezinformasiya cəmiyyəti yanıltmaq üçün dövriyyəyə buraxılmış məlumatların təqdim olunmasıdır.
“Dezinformasiya konkret olaraq məqsədli şəkildə cəmiyyəti yanıltmaq üçün dövriyyəyə buraxılmış məlumatların təqdim olunmasıdır. Yəni dezinformasiyada məqsəd insanları istər bir cəmiyyət, ölkə içində, istərsə də dünya çapında aldatmaq, yanlış yönə sürükləməkdir”.
Onun sözlərinə görə, dezinformasiyalar çox ciddi təhlükə təşkil edir.
“Əlbəttə, dezinformasiyalar çox ciddi təhlükə təşkil edir. Çünki dezinformasiyanı ortaya atanlar, bir qayda olaraq, onun arxasınca nə edəcəklərini də hesablamış olurlar. Onlar insanları, istifadəçiləri, informasiya tələbatçılarını aldadaraq öz arxalarınca aparırlar. Bir də bəlli olur ki, artıq insanlar uçuruma doğru gedir. Dezinformasiya da bu baxımdan çox təhlükəlidir”.
Ekspert vurğulayıb ki, dezinformasiya kiçik bir icma içində də təhlükə təşkil edir.
“Dezinformasiya kiçik bir icma içində də təhlükə təşkil edir. Konkret bir bölgə içində, ölkə içində, qlobal səviyyədə müharibələrə səbəb ola bilir. Bununla yanaşı, iqtisadiyyatı çökdürə bilir, ölkələrdə inqilablara səbəb ola bilir. Yəni dezinformasiyanın məqsədi yalnız və yalnız zərər vurmaqdır. Ortalığı qarışdırıb, suyu bulandırıb balıq tutmaqdır. Dezinformasiyanın arxasındakı güclər məhz buna xidmət edir. O baxımdan hər kəs diqqətli olmalıdır. Çalışmalıyıq ki, dezinformasiyadan mümkün qədər yayınaq, özümüzü qoruyaq”.

