Azərbaycan Rəssamlıq Akademiyasının inkişaf strategiyasında milli incəsənət ənənələrinin qorunması ilə yanaşı, müasir yaradıcı sahələrin tələblərinə uyğun innovativ təhsil imkanlarının yaradılması əsas prioritetlər sırasında yer alır.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, qarşıdakı dövr üçün inkişaf strategiyası milli incəsənət ənənələrinin qorunması, müasir yaradıcı sənayelərin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, rəqəmsal transformasiya və innovativ ali təhsil modelinin formalaşdırılması prinsipləri əsasında müəyyən edilib. Akademiyanın əsas məqsədi regionun aparıcı incəsənət ali təhsil müəssisələrindən biri kimi beynəlxalq rəqabət qabiliyyətini daha da artırmaq, tədrisin keyfiyyətini yüksəltmək və yaradıcı sənayenin inkişafına töhfə verməkdir.
Yaxın illər üçün prioritet istiqamətlərdən biri tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası və yaradıcı sənayenin tələblərinə cavab verən yeni ixtisaslaşmaların inkişaf etdirilməsidir. Bu məqsədlə rəqəmsal incəsənət, yeni media, animasiya, süni intellektin incəsənətdə tətbiqi və digər innovativ istiqamətlər üzrə tədris imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.
Akademiyanın inkişaf prioritetlərindən biri də tədris prosesinin rəqəmsallaşdırılması və müasir idarəetmə mexanizmlərinin tətbiqidir. Bu məqsədlə elektron tədris sisteminə mərhələli keçidin təmin olunması, tədris prosesinin rəqəmsal platforma üzərindən idarə edilməsi, müəllim və tələbələrin elektron resurslardan istifadəsinin genişləndirilməsi, akademik məlumatların vahid elektron bazada idarə olunması və rəqəmsal təhsil mühitinin formalaşdırılması nəzərdə tutulur. Bu sistem tədrisin daha çevik, şəffaf və səmərəli təşkilinə, eyni zamanda idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

