“Cəmiyyətimizdə olduqca belə hallar var. Həkimsiz dərman qəbul edən insanlara demək istəyirəm ki, axı siz həkim deyilsiniz. Hər hansı bir insanda baş ağrısı patologiyanın başda olmasını göstərmir. Ağrı boyunda, onurğada, qaraciyərdə, ürəkdə də ola bilər”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında tibb eksperti Aydın Əliyev bildirib.
Ekspert bildirib ki, həkimlərin digər sahələrdən əsas fərqi xəstəlik olanda səbəbini axtarmalarıdır.
“Həkimlərin digər sahələrdən əsas fərqi odur ki, xəstəlik olanda onun səbəbini axtarırlar. Səbəbi biləndən sonra isə müalicə etmək asan olur. Ona görə də bizim insanlarda həkimsiz dərman qəbul etmək, özlərinə diaqnoz qoymaq halları var və bu hallar qəti surətdə düz deyil. Həkimlik sənəti yeganə sənətdir ki, ALLAHın yaratdığı insana xəstəlik zamanı ancaq həkim köməklik edə bilər. Qəti surətdə telefonun, sosial şəbəkələrin, qonşuların fikriylə müalicəyə girişmək olmaz”.
Onun sözlərinə görə, immun sistemini yaxşı saxlamaq üçün sadə müalicə üsulu da var.
“Əgər müalicə etmək, immun sistemini yaxşı saxlamaq istəyirsinizsə, ALLAHın 4 resepti var. 4 resept fəsillərdir. Fəsilə uyğun olaraq yaşadığın yerin qidasından, suyundan qidalan. Yaşadığın yerdə əvvəl göy-göyərti, sonra ət məhsulları yemək lazımdır. Çünki heyvanların, quşların ətləri də otdan yaranır. Bu da o deməkdir ki, insanlar ət məhsulu yeyəndən əvvəl göy-göyərtini çox yemək lazımdır ki, onlarda yaranan məhsullar ət məhsullarını həll eləsin və bədəniniz möhkəmlənsin”.
Ekspert vurğulayıb ki, digər məsələ dərmanları qəbul etdikdə ölüm hallarının olmasıdır.
“Digər məsələ dərmanları, xüsusən antibiotikləri qəbul etdikdə qorxulu hallar və ölüm halları ola bilər, həmçinin güclü allergiya verə bilər. Xüsusən, antibiotiklərdən penisillin qrupu daha çox allergiya verə bilir”.

