Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsində kitabxanaçılıq və informasiya fəaliyyəti və muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə tələbə qəbulu aparılır.
BDU-dan “Tehsil365”-ə bildirilib ki, fakültədə Kitabxanaşünaslıq, Sənəd menecmenti, Kitabxana-informasiya resurslarının idarə edilməsi və Redaksiya-nəşriyyat işi kafedraları, həmçinin iki tədris laboratoriyası fəaliyyət göstərir.
Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələr sənəd və informasiya resurslarının idarə edilməsi, informasiya menecmenti, elektron xidmətlərin təşkili, informasiya logistikası və konsaltinqi sahələrində nəzəri və praktiki biliklər əldə edirlər. Bu ixtisasın məzunları kitabxanalarda, nəşriyyat və mətbəələrdə, qəzet və jurnal redaksiyalarında, elektron media qurumlarında, eləcə də dövlət və özəl təşkilatların mətbuat xidmətlərində fəaliyyət göstərə bilərlər.
Muzey, arxiv işi və abidələrin qorunması ixtisasının məzunları isə muzeylərdə, arxivlərdə, tarixi-mədəni irsin qorunması ilə məşğul olan dövlət və digər qurumlarda işləmək imkanı qazanırlar. Fakültənin məzunları təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirərək elmi-pedaqoji fəaliyyətlə də məşğul ola bilərlər.
Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

