Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı açıqlanıb.
“Tehsil365” “AzEdu.az”a istinadən xəbər verir ki, müsabiqənin nəticələri haqqında statistik məlumatlara əsasən, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə ümumilikdə 6210 nəfərlik qəbul planı müəyyənləşdirilib. Onlardan 5893 nəfər qəbul olunub və qəbulolma faizi 94,90 faiz təşkil edib.
Dövlət ödənişsiz təhsil forması üzrə 2499 nəfərlik qəbul planı olub. Bu yerlərə Azərbaycan bölməsi üzrə 2355 nəfər, rus bölməsi üzrə isə 81 nəfər olmaqla, ümumilikdə 2436 nəfər qəbul edilib. Qəbulolma faizi 97,48 faiz təşkil edib.
Dövlət ödənişli təhsil forması üzrə qəbul planı 3481nəfər olub. Azərbaycan bölməsi üzrə 3124 nəfər, rus bölməsi üzrə isə 103 nəfər qəbul olunub. Bölmələr üzrə qəbul edilənlərin ümumi sayı 3227nəfər, qəbulolma faizi isə 92,70 faiz olub.
Özəl təhsil müəssisələrində isə (Bakı İlahiyyat Kolleci də nəzərə alınmaqla) 230 nəfərlik qəbul planı müəyyənləşdirilib. Azərbaycan bölməsi üzrə 201 nəfər, rus bölməsi üzrə isə 29 nəfər qəbul olunaraq, plan tam yerinə yetirilib. Bu kateqoriya üzrə qəbulolma faizi 100 faiz təşkil edib.
Ümumilikdə Azərbaycan bölməsi üzrə 5680 nəfər, rus bölməsi üzrə isə 213 nəfər qəbul olunub. Beləliklə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların ümumi sayı 5893 nəfər, ümumi qəbulolma faizi isə 94,90 faiz təşkil edib.

