AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Diana Cəfərovanın Qədim Qarabağ tayfalarının silahları və hərb işi adlı monoqrafiyası Türkiyədə ingilis dilində nəşr olunub.
“Tehsil365” xəbər verir ki, monoqrafiyada Azərbaycanın Qarabağ ərazisində uzun illər aparılmış arxeoloji tədqiqatlar zamanı əldə edilmiş silah nümunələri, müdafiə vasitələri, hərbi təyinatlı avadanlıq və hərb işi ilə bağlı digər arxeoloji materiallar sistemləşdirilərək elmi təhlilə cəlb olunur. Nəşrin təqdimat məlumatında da Qarabağ abidələrinin arxeoloji tədqiqi nəticəsində toplanmış zəngin hərbi materialların sistemləşdirilməsi, elmi təhlili və ətraflı şərhinin əsərin əsas tədqiqat istiqamətlərindən olduğu vurğulanır.
Kitab dörd əsas fəsildən ibarətdir. Birinci fəsildə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin ümumi səciyyəsi verilir, Qarabağ qrupu silahlarının öyrənilmə dərəcəsi araşdırılır və mövzu ilə bağlı elmi ədəbiyyat təhlil olunur. İkinci fəsil Qarabağın qədim tayfaları arasında hərb işinin meydana gəlməsinin ilkin şərtlərinə həsr edilib. Burada eramızdan əvvəl II minilliyin ikinci yarısında regionda mövcud olmuş sosial-iqtisadi və ictimai şərait, cəmiyyətdə hərbi təşkilatlanmanın formalaşmasına təsir göstərən amillər nəzərdən keçirilir. Üçüncü fəslində silahların təsnifatı və müdafiə vasitələri araşdırılır. Uzaq məsafəli, orta məsafəli və yaxın döyüş silahları ayrıca qruplar üzrə təhlil edilir. Ox ucluqları, yaylar, nizə ucluqları, xəncərlər, qılınclar, tunc döyüş baltaları, toppuzlar və digər silah növləri arxeoloji materiallar əsasında təsnif olunur. Bununla yanaşı, zireh lövhələri, qalxanlar, dəbilqələr, ox qabları və döyüşçülərin müdafiəsində istifadə olunmuş tunc kəmərlər kimi qoruyucu vasitələr ayrıca araşdırılır. Dördüncü fəsildə isə istehkamlar və hərb işi, atçılığın inkişafı, at yüyəninin metal elementləri, at bəzəkləri, atlardan hərbi əməliyyatlarda istifadə, süvari dəstələri və döyüş arabaları kimi məsələlərə geniş yer ayrılır.
Beləliklə, müəllif yalnız ayrı-ayrı silah nümunələrinin tipologiyasını deyil, Qarabağın qədim cəmiyyətlərində hərbi təşkilatlanma və döyüş vasitələrinin bütöv sistemini araşdırmağa çalışıb. Kitabda, həmçinin arxeoloji materialları əks etdirən illüstrasiyalar təqdim olunub.
Diana Cəfərova 2007-ci ildə “Son Tunc və Erkən Dəmir dövründə Qarabağ tayfalarının silahları” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Bu nəşr Qarabağın zəngin arxeoloji irsi haqqında Azərbaycan alimlərinin əldə etdikləri nəticələrin beynəlxalq elmi dövriyyədə daha əlçatan olmasına imkan yaradır.

