Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 500-600 arasında bal toplayan 637 abituriyent qeydə alınıb.
Dövlət İmtahan Mərkəzindən “Tehsil365”-ə bildirilib ki, həmin abituriyentlərdən 577 nəfəri Azərbaycan, 60 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.
İmtahan nəticələrinə əsasən ikinci ixtisas qrupunda imtahan nəticələrinə görə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan 7983 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan 13 min 944 abituriyent də müsabiqədə iştirak hüququ əldə edib.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə 16 min 30 plan yeri ayrılıb. Həmin yerlərdən 4185-i dövlət sifarişi əsasında maliyyələşdiriləcək.

